Dövlət Agentliyinin sədri: Azərbaycan və Özbəkistan arasında turizm axını 26% artıb

10:43 - 27.08.2024


27 avqust, Fineko/abc.az. Son iki ildə Azərbaycan və Özbəkistan arasında turist axını 26% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Özbəkistan 24" telekanalının efirində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O qeyd edib ki, hazırda ölkələr arasında ayda 40-a yaxın reys həyata keçirilir. Turist axınının həcmi daim artır. Münasibətlərin gələcək inkişafı üçün böyük perspektivlər var.

Fuad Nağıyev vurğulayıb ki, Azərbaycan və Özbəkistanın müxtəlif istiqamətləri, o cümlədən zəngin mədəni irsi, sağlamlıq və xizək turizmini əhatə edən böyük turizm potensialı var.

"Özbəkistan ölkəmizdə keçirilən bütün turizm tədbirlərində iştirak edir. Eyni sözü Azərbaycan haqqında da demək olar", - deyə o əlavə edib.