Metro ilə sərnişin daşınmasından 44 milyon manat qazanc əldə edilib

15:56 - 28.08.2024


28 avqust, Fineko/abc.az. Azərbaycanda metro ilə sərnişindaşımaların yüksəlməsi onun gəlirlərinə də müsbət təsir edib.

ABC.AZ xəbər verir ki, “Bakı Metropoliteni” tərəfindən 2024-cü ilin ilk yarısında 113.2 milyon sərnişin daşınması həyata keçirilib.

Bu da illik müqayisədə sərnişindaşınmasının 4.1 faiz artımı deməkdir. Keçən ilin ilk yarısında 108.8 mln. sərnişin daşınmışdı.

Metropoliten sərnişin daşınmasından ilin birinci yarısında 44.05 milyon manat gəlirlə keçən ilin eyni dövründə qeydə alınan 40.43 mln. manatı 9 faiz üstələyib.

Metropoliten hər bir sərnişini 2024-cü ilin ilk yarısında 40 qəpiyə daşıyırdı və ilin ikinci yarısında etibarən qiymət tənzimləyicisi gedişhaqlarını 25% artımla 50 qəpik edib. Hesablamalara əsasən, ilin ilk yarısındakı qədər sərnişin daşınması halında ilin ikinci yarısında qiymət artımları nəzərə alındıqda metronun gəlirləri 11.32 mln. manat əlavə gəlir əldə edilə bilər.  Bu da təqribən 90 mln. manatlıq cəmi gəlir gözləntisidir.

Metropolitenin işçiləri son bir ildə 1.4 faiz artımla 4 504 nəfər, orta aylıq əməkhaqları isə 12.3 faiz artaraq 1 270.8 manat olub.