Çin fermerlərini dəstəkləmək üçün taxıl idxalını azaltmaq istəyir

12:35 - 30.08.2024


30 avqust, Fineko/abc.az. Bu həftə ölkə hakimiyyəti aparıcı idxalçılarla görüş keçirib və onlardan xaricdə arpa və sorqo almağı dayandırmağı xahiş edib.

ABC.AZ xəbər verir ki, Bloomberg məlumatına görə, bu addım Çinin yeni məhsul ərəfəsində daxili bazarda həddindən artıq təzyiqi azaltmaq üçün son cəhdidir. Bundan əvvəl hakimiyyət eyni xahişlə qarğıdalı idxalçılarına müraciət etmişdi.

Çin arpa və sorqonun iri qlobal idxalçısıdır, buna görə də bu məhsulların idxalına qoyulan qadağa ABŞ və Avstraliyadakı fermerlərə ciddi zərbə olacaq. Məhdudiyyətlər artıq qüvvəyə minmiş partiyalara aid olmayacaq, lakin noyabr ayında başlayacaq tədarüklərə təsir edəcək.

Çində qarğıdalı, sorqo və arpa qiymətləri üç illik minimuma çatıb, ölkənin cənubundakı ehtiyatlar isə son iki ildə ən yüksəkdir. Yanvar-iyul aylarında Çin 5,21 milyon ton sorqo idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Bu həcmdə ABŞ-ın payı 80% təşkil edib. Arpa alışı eyni dövrdə 67 % artıb, əksəriyyəti Avstraliyadan daxil olub.