Bakı və İrəvan arasında sərhəd komissiyalarının birgə işi haqqında sənəd imzalanıb

12:38 - 30.08.2024


30 avqust, Fineko/abc.az. Bu gün, avqustun 30-da Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə imzalanıb. 

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Məsələləri Komissiyasının 19 aprel 2024-cü il tarixli 8-ci iclasının protokoluna uyğun olaraq, komissiyalar birgə fəaliyyət haqqında əsasnamənin razılaşdırılması üzrə işləri başa çatdırıblar. 30 avqust 2024-cü il tarixində komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə müvafiq olaraq imzalanmışdır. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası daxili prosedurların həyata keçirilməsinə başlayıb", - məlumatda deyilir.