“Azərbaycan S&P və “Moody’s”dən də investisiya reytinqi almaq niyyətindədir” - Nazir

12:11 - 6.09.2024


6 sentyabr, Fineko/abc.az. Azərbaycan “Standard & Poors” və “Moody’s” beynəlxalq reytinq agentliklərindən də investisiya reytinqini almaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, bunu müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.

“Ona görə ki, son illər ərzində Azərbaycan iqtisadiyyatında köklü müsbət dəyişikliklər baş verməkdədir. Bir tərəfdən Azərbaycanın valyuta ehtiyatları artmaqdadır, digər tərəfdən isə borc öhdəlikləri azalmaqdadır. Nəticə etibarı ilə bu, xalis maliyyə aktivlərinin artımına gətirib çıxarır. Bu da heç şübhəsiz ki, hər bir investor üçün Azərbaycan qiymətli kağızlarına, borcuna investisiya etmək istəyənlər üçün olduqca müsbət və etibarlılığı göstərən bir faktordur”, – deyə o qeyd edib.

Nazir reytinq agentliklərinin Azərbaycana kifayət qədər həssas yanaşdığı fikrindədir: “Reytinq agentlikləri Azərbaycana qarşı müəyyən mənada xəsislik nümayiş etdirirlər. Ancaq buna baxmayaraq ilkin olaraq “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini bir pillə artıraraq investisiya kredit reytinqi səviyyəsinə yüksəltdi. Güman edirəm ki, “Standard & Poors” və “Moody’s” də oxşar addımlar atacaqlar. Bu əsnada “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycan hökumətinin emitent və yüksək təminatsız xarici valyutada reytinqləri üzrə proqnozunu “sabit”dən “müsbət”ə dəyişməsi bunun daha tez zamanda baş verəcəyinə dair bizə ümid verir. Yəni bu proseslərin öz ədalətli həllini tapacağına dair kifayət qədər nikbinik”. (Report)