Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkarlanıb

14:07 - 6.09.2024


6 sentyabr, Fineko/abc.az. Hesablama Palatası 2024-cü ilin İş planına əsasən Bakı Dövlət Universitetində (Universitet) həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsanlar aşkar edib.

ABC.AZ Palataya istinadən xəbər verilir ki, nəzarət tədbirləri səmərəlilik (performans) auditi ilə birgə keçirilən uyğunluq auditi növündə aparılıb.

Audit 2022-2023-cü illərdə dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin hüquqi aktların tələblərinə uyğunluğunun, eləcə də elm və təhsil sahəsində funksional fəaliyyətinin qiymətləndirilməsi məqsədi daşıyıb. Auditin əhatə etdiyi illərdə Universitetə dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən vəsait daxil olub. Audit əhatə dövrünün əvvəlinə mövcud olmuş, əsasən tədris ili ərzində dövlət sifarişi ilə təhsil haqqının, eləcə də təqaüdlərin ödənilməsi məqsədi daşımış 38,5 milyon manat qalıq məbləği, mədaxil olunmuş 163,2 milyon manat, məxaric olunmuş 173,5 milyon manat məbləği əhatə edib, dövrün sonunda 28,2 milyon manat qalıq məbləği formalaşıb.