Buna görə Bakıda kirayə mənzillər kəskin bahalaşdı

15:07 - 9.09.2024


9 sentyabr, Fineko/abc.az. “Formula 1” üzrə Azərbaycan Qran-Prisini izləmək üçün turistlər Bakıya axışır. Turistlər hotellərlə yanaşı, günlük kirayə verilən evlərə də üz tuturlar. Bu da paytaxtın kirayə mənzil bazarında canlanma yaradıb.

ABC.AZ xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, hazırda yarışla əlaqədar Bakıda günlük kirayə mənzillərin qiymətində xeyli artımlar var.

"Mənzillə yanaşı, eyvanların da kirayə verildiyini müşahidə edə bilərik. Kirayə mənzil bazarında hökm sürən hazırkı vəziyyət yarışlar bitənəqədərki dövrü əhatə edir. Bu, paytaxtın ümumi kirayə mənzil bazarındakı qiymətlərə o qədər də təsir eləmir.

Qiymətlərə nəzər saldıqda, görərik ki, avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında yerləşən evlərin qiyməti 3 dəfə artıb. Belə ki, adi günlərdə günlük kirayəsi 100-150 manat idisə, yarış dövründə 300-400 manata aralığında dəyişir. Belə mənzillərin sayı məhdud saydadır".