Qazaxıstan Azərbaycan vasitəsilə uran tədarükünü artırmaq istəyir

10:54 - 11.09.2024


11 sentyabr, Fineko/abc.az. Xəzər regionundan enerji resurslarının tədarükü və tranziti məsələsində Avropanın Azərbaycandan asılılığı gündən-günə artır. Qazaxıstan neftinin ixrac həcminin bir hissəsinin Azərbaycan infrastrukturu vasitəsilə yönləndirilməsi ilə yanaşı, Astana da Orta dəhliz vasitəsilə uran tədarükünü artırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, belə ki, Qazaxıstanın "Kazatomprom" Milli Şirkətinin İdarə Heyətinin sədri Meirjan Yusupovun sözlərinə görə, şirkət Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçən Transxəzər beynəlxalq nəqliyyat dəhlizi (Orta dəhliz/TMTM) üzrə tədarükü genişləndirməyə çalışır.

Yusupov qeyd edib ki, Ukraynadakı münaqişə səbəbindən tətbiq olunan sanksiyalar Qərb ölkələrinə uran tədarükünü xeyli çətinləşdirir.

Eyni zamanda, Qazaxıstan uranın çox hissəsini Asiya bazarına sata bilərdi, lakin bu, tədarükün şaxələndirilməsi baxımından praktik deyil.

Alternativlər getdikcə azalır. . Qazaxıstan uranının Transxəzər dəhlizi və Azərbaycan vasitəsilə Qərb bazarlarına ilk dəfə tədarükü 2018-ci ildə həyata keçirilib.

Məsələ 2022-ci ildə, Qərbin Rusiyaya qarşı sanksiyaları səbəbindən Qazaxıstanın alternativ marşrut axtarmalı olduğu zaman yenidən aktuallaşdı. 2022-ci ildə Qazaxıstandan Azərbaycan vasitəsilə Avropa və Kanadaya uran tədarükü yenidən başladı, bunun üçün Transxəzər marşrutu belə malların daşınmasının təhlükəsizliyi ilə bağlı yenidən sınaqdan keçirildi.

Ötən il Qazaxıstan uranının Azərbaycan üzərindən tranziti nəzərəçarpacaq dərəcədə artıb – demək olar ki, 15% artaraq 2,3 min tona çatıb. Eyni zamanda, Qazaxıstan uranının Qərb bazarına tədarükünün 60%-dən çoxu TMTM-nin payına düşür.