Astara-Bakı-Həştərxan konteyner qatarı işə salınır?

11:12 - 11.09.2024


11 sentyabr, Fineko/abc.az. Azərbaycan “Astara (İran)-Bakı (Azərbaycan)-Həştərxan (Rusiya)” konteyner qatarının işə salınması imkanlarını nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, bu barədə TASS-a Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, Azərbaycanla Həştərxan vilayəti arasında əsas yük axını dəmir yolu vasitəsilə həyata keçirilir və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb qolu ilə göndərilir. Bu istiqamətdə Rusiyaya Azərbaycandan mallar, həmçinin İran, Türkiyə və Hindistandan tranzit yüklər daşınır.

“Bu gün Azərbaycan tərəfi Kutum stansiyasında yerləşən Həştərxan dəmir yolu qovşağının infrastrukturundan istifadə etməklə Astara-Bakı-Həştərxan marşrutu üzrə konteyner qatarının işə salınması imkanlarını nəzərdən keçirir”, – məlumatda vurğulanıb.

Bildirilib ki, layihənin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) iştirakı ilə həyata keçirilməsi planlaşdırılır. ADY-nin nümayəndələri artıq Həştərxana səfər ediblər və əməkdaşlıq perspektivlərini müsbət qiymətləndiriblər.