16:55 - 12.09.2024
12 sentyabr, Fineko/abc.az. Bakı dünyanın sürətlə inkişaf edən və beynəlxalq tədbirlərin sıx keçirildiyi şəhərərdən biridir. Eyni zamanda ölkəmizə gələn turistlərin əksəri Bakıda məskən salır. Bu tendensiya daha da artacaq.
Bunlar yaxşıdır, amma fakt bundan ibarətdir ki, Bakı əhalisinin ömrü tıxaclarda çürüyür. Artıq dözülməz bir vəziyyətdir: Xüsusilə tıxaclar 20 Yanvar-Xırdalan, Masazır istiqamətində qeydə alınır. Bu, həm də onunla nəticələnir ki, 20 Yanvar tıxananda Tiflis prospekti, Zərdabi və Mətbuat prospektləri, Dərnəgül yolu, 3-cü mikrorayon dairəsi də iflic olur. Çünki bu yollarda hərəkət zəncirvari şəkildə bir-birinə bağlıdır.
Son vaxtlar manatlıq taksilərin yoxa çıxması nəticəsində Xırdalan və Masazıra gündəlik gedib-gələn insanlar da saatlarla yollarda qalır.
ABC.AZ ekspertlər bildirir ki, tıxacların qarşısının alınması üçün dövlət təcili, təxirəsalınmaz addımlar atmalıdır. Bu sırada Biləcəriyə, Xırdalana, Masazıra metro xəttinin sürətli çəkilişinin başlaması, bəzi hissələrdə yeraltı aparmaq mümkün olmadığı halda, metro yerin üstü ilə çəkilməlidir.
Bunun üçün kifayət qədər imkanlar var. Məsələn, hazırda metronun Avtovağzal və Xocasən stansiyaları var. Onların istiqamətində cəmi 3-4 kilometrlikdəki Xırdalana və Masazıra, Biləcəriyə metro xətti çəkilərsə, gündəlik azı 100 min insan rahatlıqla evinə gedər, hətta maşını olanlar da bu nəqliyyatdan istifadə edər.
Bakının baş planında Xırdalana metro çəkilməsi məsələsi vardı, amma sonra bundan danışılmadı.
Metropoliten özü bildirir ki, bu, onların investisiya planında mövcud deyil.
Ancaq bu, təkcə metropoliten işi olmamalıdır, dövlət təcili müdaxilə etməli və təcili tədbirlər görülməlidir. Çünki faktiki olaraq şəhər iflic duruma düşür və getdikcə daha ağır vəziyyət yaranacaq. Bu, istehsala da, dövlət xidmətlərinə də böyük mənfi təsir edən məsələdir. Ən əsası, vətəndaşlar belə zillət içərisində nə qədər yaşamalıdır?
Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən metro stansiyalarının sayının 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.
1 Noyabr 2024
1 Noyabr 2024
31 Oktyabr 2024
31 Oktyabr 2024
31 Oktyabr 2024
31 Oktyabr 2024