Qarabağdakı kəndlərdə Belarus təcrübəsi tətbiq edilir

11:54 - 13.09.2024


13 sentyabr, Fineko/abc.az. Azərbaycan işğaldan azad olunan ərazilərin dirçəldilməsi üçün Belarus təcrübəsindən istifadə edəcək. Bu üsullardan biri də azad olunan ərazilərdə Belarusdakı kimi aqrar şəhərciklərin yaradılmasıdır.

ABC.AZ xəbər verir ki, bu məsələ Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun Bakıya səfəri zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən görüşdə müzakirə edilib.

Qeyd edək ki, hazırda Belarus mütəxəssisləri tərəfindən Ağdamın Qızıl Kəngərli kəndində aqrar şəhərcik yaradılması ilə bağlı layihə hazırlanır.

Görüşdə bu layihədə işlərin gedişi müzakirə edilib, bildirilib ki, layihə Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına təsir edəcək.

Qeyd edək ki, aqrar şəhərciklər Belarusda kənd yerlərinin inkişafı üçün tətbiq edilən maraqlı təcrübədir. Aqrar şəhərcik kəndin abadlaşdırılmış formasıdır, burada istehsal və sosial infrastruktur və əhalinin müəyyən yaşayış standartı var. 2000-ci illərdən bu üsul Belarusda geniş tətbiq edilir və aqrar şəhərcik ayrıca yaşayış məntəqəsi kimi götürülür.