Azərbaycanda dolların məzənnəsi qarşıdakı 4 ildə sabit qalacaq - Proqnoz

10:42 - 18.09.2024


18 sentyabr, Fineko/abc.az. Azərbaycanda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına nəzərən məzənnəsi ilə bağlı hökumətin gözləntisi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu, Maliyyə Nazirliyinin açıqladığı 2025-ci il üzrə iqtisadi proqnozlarında öz əksini tapıb. Proqnoza görə, məzənnənin qarşıdakı 4 il ərzində də dəyişməyəcəyi gözlənilir.

Hər halda açıqlamada bildirilir ki, «İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025- 2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür».

Cəri ilin səviyyəsi dedikdə 1 ABŞ dollarının böyük ehtimalla 1,7 manata bərabər olması nəzərdə tutulur. Belə ki, 2024-cü ilin ilk 9 ayında məzənnə bu səviyyədədir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, əvvəlki illər üzrə açıqlanan proqnozlarda dolların məzənnəsi dəqiq şəkildə 1,7 manat olaraq göstərilirdi. Budəfəki proqnozlarda isə bu rəqəm yoxdur.  Müəllif: Elmir Murad