Dubayda uçan taksilər istifadəyə veriləcək

15:24 - 18.09.2024


18 sentyabr, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçan taksilər istifadəyə veriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat verən Dubayın nəqliyyat və avtomobil yolları idarəsinin (RTA) nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadi digər detalları da açıqlayıb. O qeyd edib ki, uçan taksilər 2026-cı ilin əvvəlindən fəaliyyətdə olacaq.

“2026-cı ilin birinci rübündə uçan taksi xidmətini işə salmaq planımız var. Hazırda ABŞ-ın “Joby Aviation” kompaniyası ilə avtomobilin sınaqları və sertifikatlaşdırılması üzərində işləyirik. Eyni zamanda, Böyük Britaniyanın “Skyports” kompaniyası ilə birlikdə “şaquli liman” stansiyasının layihələndirilməsinə başlayırıq”, - deyə o bildirib.

İdaə rəhbərinin sözlərinə görə, Dubayda taksilər üçün “dörd şaquli” hava limanının tikintisi planlaşdırılır. Onlardan ikisi 2026-cı ilin əvvəlində istifadəyə veriləcək. Hava taksiləri üçün infrastruktur obyektləri ilə yanaşı, monitorinq və mühafizə xidməti də qurulacaq.

“General Motors” kompaniyası ilə birgə hazırlanan pilotsuz taksilərə gəlincə, onlar Dubayda 2025-ci ildə fəaliyyətə başlayacaq. Hazırda pilotsuz taksilər sınaq mərhələsindədir.

Müəllif: Elmir Murad