Azərbaycandakı əkin sahələrinin təxminən 34%-i suvarılmır - Dünya Bankı

17:20 - 18.09.2024


18 sentyabr, Fineko/abc.az. Dünya Bankının (WB) su uçotuna əsasən, Azərbaycanda il ərzində suvarılan torpaqlar 1,02 milyon hektar, suvarılabilən ərazilər isə 1,54 milyon hektardır. 

ABC.AZ xəbər verir ki, bu barədə WB-nin “Su təhlükəsizliyi problemlərinin həlli üçün səmərəli su sektoru institutlarına və proqramlarına keçid” hesabatında bildirilir.

Sənədə əsasən, bu da əkin sahələrinin təxminən 34 %-nin suvarılmadığını göstərir: “Azərbaycanda suvarma səmərəliliyinin ən yüksək göstəriciləri Mil-Muğan, Naxçıvan və Şirvan-Salyan iqtisadi rayonlarında qeydə alınıb".

“Su istehlakı baxımından Azərbaycanda suvarılan əkinlər hər il 1 560-2 630 milyon kubmetr suvarma suyu istehlak edir ki, bu da ölkə üzrə orta hesabla 2 330 milyon kubmetr təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə qəbul edilmiş suyun ümumi həcmi orta hesabla 7 milyard 30 milyon m3 təşkil edib ki, bu da potensial olaraq ölkə səviyyəsində təxminən 67 % ümumi su itkisini göstərir.

Uzaqdan zondlama təhlili göstərir ki, Azərbaycanda ən çox suvarma tələb edən məhsul sinfi meyvə bağlarıdır və hər hektara orta hesabla 4 400 kubmetr su sərf edir. Pambıq və yem bitkiləri hər hektar üçün orta hesabla 3 250 kubmetr su, suvarılan taxıllar (buğda və ya arpa) isə orta hesabla 1 320 kubmetr su istehlak edir. (Report)