Heç kimin qarşısında baş əyməmək – bax, bu, əsas hədəflərimizdir - İlham Əliyev

12:18 - 20.09.2024


20 sentyabr, Fineko/abc.az. Biz bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

“Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən. O, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək – bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır, var. Cəmiyyətdə birlik olmalıdır, bu da var”, – deyə dövlətimizin başçısı əlavə edib. (Azərtac)