16:38 - 23.09.2024
23 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev sentyabrın 23-də Özbəkistan Respublikasının Baş nazirinin müavini Cəmşid Xocayevi qəbul edib.
ABC.AZ xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Cəmşid Xocayev, ilk növbədə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Cəmşid Xocayev bildirib ki, Prezident İlham Əliyevin müdrik qərarları ilə azad olunmuş ərazilərimizdə, o cümlədən tarixi şəhərlər olan Şuşa və Xankəndidə həyata keçirilən böyük yenidənqurma və bərpa işləri Özbəkistanda maraqla izlənilir.
Cəmşid Xocayev iş adamları ilə birgə ölkəmizə səfərinin Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olduğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərini, ondan əvvəl isə Özbəkistan Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırladı. Özbəkistana dövlət səfəri zamanı iki ölkənin iş adamları ilə keçirdikləri görüşün əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti investisiya layihələri üzərində fəal iş aparılması istəyinin olmasını məmnunluqla qeyd etdi. Bu baxımdan Prezident İlham Əliyev yaradılmış birgə investisiya fondunun artıq konkret layihələrlə təmin olunduğunu vurğuladı.
Prezident İlham Əliyev Özbəkistan Baş nazirinin müavininin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Görüşdə əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024
1 Noyabr 2024