“OpenAI” rəsmi olaraq kommersiya şirkəti olacaq

10:21 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. Süni intellekt tərtibatçısı “OpenAI” şirkəti rəsmi olaraq kommersiya şirkətinə çevrilməyə hazırlaşır.

ABC.AZ xəbər verir ki, bu barədə Kommersant.ru məlumat yayıb.

Sözügedən məqalədə qeyd edilib ki, bu haqda müzakirələr bir neçə yüksək səviyyəli menecerin, o cümlədən baş texnologiya direktoru Mira Murati, tədqiqat direktoru Bob MakKrü və tədqiqat vitse-prezidenti Barrett Zofun şirkətdən ayrılmasından sonra başlayıb.

Son illərdə “OpenAI” “Microsoft”dan çox milyard dollarlıq investisiya cəlb edib. Mütəxəssislərin fikrincə, bu, 2015-ci ildə qeyri-kommersiya təşkilatı kimi yaradılan şirkətin getdikcə kommersiya xarakteri daşıması deməkdir.

Hələ 2019-cu ildə “OpenAI”də “OpenAI LP” adlı kommersiya bölməsi yaradılmışdı, baxmayaraq ki, şirkətin əsas hissəsi qeyri-kommersiya olaraq qalırdı. 2022-ci ildə “ChatGPT” işə salındıqdan sonra şirkətin fəaliyyəti getdikcə daha çox kommersiya xarakteri daşıyır, müəssisə müştərilər üçün alətlər hazırlayır və daha çox satış və maliyyə işçiləri cəlb edir. Restrukturizasiya “OpenAI” daxilində qeyri-kommersiya bölməsinin ayrılmasını, qalan hissəsinin isə adi kommersiya şirkəti kimi qalmasını nəzərdə tutur.