“Azərenerji” Xankəndində tipli yeni yarımstansiya tikir

10:42 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. “Azərenerji” ASC Xankəndində qapalı tipli yeni yarımstansiya tikir.

ABC.AZ xəbər verir ki,  cari ilin yazından başlayaraq “Azərenerji” tərəfindən Şuşa şəhərindən Xankəndiyə ən çətin dağlıq və meşəlik relyefdə 110 kV-luq ikidövrəli “Xankəndi-1”, “Xankəndi-2” yüksək gərginlikli ötürmə xəttinin çəkilməsinə start verilib.

Artıq ümumi uzunluğu 11 km olan hava xəttinin çəkilməsi işi yekunlaşıb və 1,8 km məsafədə yeraltı kabel xəttinin çəkilməsi işi aparılır. Ən əsası isə Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun olaraq 110, 35, 10 kilovoltluq qapalı tipli yarımstansiyanın tikintisinə başlanılıb. Artıq tikinti işlərinin böyük hissəsi görülüb.

“AzərEnerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, “Xankəndi” yarımstansiyası işğaldan azad edilən ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilən ilk qapalı tipli yarımstansiyadır. “Belə ki, burada kabel zirzəmisindən tutmuş 110, 35, 10 kilovoltluq paylayıcı qurğulara, o cümlədən 2 ədəd 63 MVA transformatorlara qədər bütün avadanlıqlar məhz binanın daxilində yerləşdiriləcək”.

Qeyd edək ki, “Xankəndi” yarımstansiyasının ərazisində həm də anbar, qazanxana, maşın mexanizmlərinin təmir sahəsi və başqa yardımçı binalar da tikilir. “Xankəndi” yarımstansiyasında işlərin yaxın aylarda başa çatması planlaşdırılır.