Mobil internetin sürətinə görə Azərbaycan neçənci yerdədir?

11:59 - 30.09.2024


30 sentyabr, Fineko/abc.az. Azərbaycan avqustda mobil internetin sürətinə görə iyul ayına nisbətən mövqeyini dəyişməyərək 55,14 MB/S sürətlə 111 ölkə arasında 45-ci olub.

ABC.AZ xəbər verir ki, reytinq cədvəli “Speedtest Global Index”-in araşdırması nəticəsində ortaya çıxıb. Sözügedən araşdırmada qeyd olunub ki, mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (398,51 MB/S), sonuncu yeri isə Yəmən (7,91 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 205 şəhər arasında 47,01 MB/S sürətlə 131-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (326,39 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,86 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 72,36 MB/S sürətlə 161 şəhər arasında iyul ayına nisbətən yerini qoruyaraq 69-cu olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (438,23 MB/S), sonuncu yeri Kabil (8,32 MB/S) tutub.

Müəllif: Elmir Murad