Onlara hər ay 1000 manatadək mükafat veriləcək

14:40 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan alimlərə elmi fəaliyyətlərinə görə hər ay 1000 manatadək mükafat veriləcək və artıq prosesə başlanılıb.

ABC.AZ xəbər verir ki, bu vəsait Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə elmi göstəriciləri daha yüksək olan tədqiqatçılara ödənilir.

Qeyd edilib ki, bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi daşıyır. Mükafatlandırma beynəlxalq impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayını artırmaq üçün də əhəmiyyətli bir vasitə kimi nəzərdə tutulur.

Mükafatlandırma prosesinin əsasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” dayanır. Bu metodologiya 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilərə əsaslanır və bu dövr ərzində “Scopus” bazasında ən çox elmi işi dərc olunan 500 müəllifin göstəriciləri təhlil edilib. (Qafqazinfo)