15:05 - 8.10.2024
8 oktyabr, Fineko/abc.az. Quba bağlarından yığılan keyfiyyətli almanın topdansatış qiyməti 50-60 qəpik arasında dəyişir.
ABC.AZ xəbər verir ki, rayonun alma bağlarında kütləvi məhsul yığımı sentyabrın ikinci ongünlüyündən başlayıb.
Toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir. Məhsulun böyük hissəsi isə xarici bazarlar üçün nəzərdə tutulub. Quba alması əsasən Rusiya bazarlarına göndərilir. Hər il rayon bağlarında yetişən 40 min tona yaxın alma xarici ölkələrə ixrac olunur.
Təsərrüfatçı Süleymanpaşa Şahvəliyev toplanan məhsulun ilkin mərhələdə elə bağlarda çeşidlənərək qablaşdırıldığını bildirir. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır.
“Hazırda ağ və qırmızı “Palmet” yığılır. Alma bağlarında məhsuldarlıq yaxşıdır. Almanı bağlardan vaxtında toplamağa çalışırıq. Vaxtında yığılmasa, yağış yağan kimi yerə tökülür. Yığılan almanı elə bağda çeşidləyirik. Keyfiyyətinə və ölçüsünə görə növlərə ayırırıq. Məhsulumuz əsasən Rusiya bazarlarına göndərilir. Seçmə alma 60 qəpikdir. İkinci növ alma 30-40 qəpik. Balaca, nisbətən zəif almanın isə bir yeşiyi 3-4 manatadır”, – deyə təsərrüfatçı bildirib. Rayonda, ümumilikdə, 10 min 856 hektar alma bağı var. Bu bağların 240 hektarı yeni salınıb. Alma bağlarından 1520 hektarı intensiv üsulla becərilir. (Azərtac)
21 May 2025
19 May 2025
19 May 2025
19 May 2025