Vətəndaşların zənginə ən çox ƏƏSMN cavab verməyib - Sorğu

16:24 - 8.10.2024


8 oktyabr, Fineko/abc.az. Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.

ABC.AZ xəbər verir ki, monitorinqin nəticələrinə əsasən İqtisadiyyat Nazirliyinin stasionar nömrələrinə günün birinci və ikinci yarısında edilən zənglərin 63.6%-nə cavab verilib, 36.4%-nə cavab verilməyib.

Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta müddət 6 saniyə, günün ikinci yarısında 5 saniyə olub.

Qaynar xəttə günün birinci və ikinci yarısında edilən bütün zənglər yüksək operativliklə cavablandırılıb.

Günün birinci yarısında zənglərə cavab vermə üzrə 7 saniyə, günün ikinci yarısında 6 saniyə orta müddət qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xətti üzrə nəticələrə əsasən, günün birinci və ikinci yarısında ümumilikdə zənglərin yarıdan çoxuna və ya 54.5%-nə cavab verilib, 45.5%-nə cavab verilməyib.

Günün birinci yarısında zənglərə cavab vermə üzrə 11 saniyə, günün ikinci yarısında 53 saniyə orta müddət qeydə alınıb.

Təhlillər günün ikinci yarısı ilə müqayisədə günün birinci yarısında edilən zənglərə daha sürətli cavab verildiyni göstərib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin stasionar nömrələrinə üzrə günün birinci və ikinci yarısında cavab verilmiş zənglər 95.5%, cavab verilməmiş zənglər 4.5% olub.

Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 47 saniyə, günün ikinci yarısında 1 dəqiqə 9 saniyə olub.

Nəticələrdən də göründüyü kimi, günün ikinci yarısından fərqli olaraq, günün birinci yarısında zənglərə 22 saniyə fərqlə daha tez cavab verilib.