Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Oğuz rayonunda istifadəyə verildi

16:50 - 27.08.2018


27 avqust, Fineko/abc.az. Ölkə ərazisində sürətli formada həyata keçirilən Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Oğuz rayonunda praktiki istifadəyə verildi. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi “Oğuz rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda İctimai təqdimat keçirib. Hazırda 9 rayonda bu layihənin praktiki istifadəsi reallaşıb.

Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub.

Uçot işlərinin praktiki istifadə qaydaları barədə məlumatlandırmaq, uçot işlərinin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə, iqtisadi, aqrar münasibətlərə göstərəcəyi müsbət təsirlərin izah edilməsi təqdimatın əsas məqsədidir.

Tədbirdə çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Oğuz rayonunun bələdiyyə, relyef, meyillilik xəritələri, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri nümayiş olunub. Bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotunun həyata keçirilməsi, Oğuz rayonundakı torpaqların ümumi həcmində bələdiyyə, dövlət torpaqlarının paylarını müəyyən edib. Eləcə də vətəndaşlara məxsus özəl torpaqların xüsusi çəkisi hesablanıb.­­­­ Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələri də tərtib edilməsini mümkün edir. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb.

Reallaşan uçot işləri Oğuz rayonunun hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 107 min hektar­­­­ torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 18 min hektar­­­­ bələdiyyə, 69 min hektar­­­­ dövlət, 20 min hektar­­­­ özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 33 min hektara yaxını (68%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 20,79 min hektar­­­­ hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə çoxillik əkmələr 2 min hektara yaxın olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər digər uqodiyaların hesabına artaraq rəqəm 2 min hektardan artıq olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 10 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır.

Layihənin reallaşdığı müddət ərzində Oğuz rayonunda torpaqların kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyət göstəricilərinin də uçotu aparılıb. Bu istiqamətdə aparılan işlərdən əldə olunan nəticələr təhlil olunub. Eləcə də, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması rayon ərazilərindən kənd təsərrüfatı sahəsində istifadəni səmərəli edir. Yay otlaqlarının geobotanik, torpaqların isə eroziya xəritələrinin tərtib edilməsi, ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verir. Belə xəritələr kəndliyə torpağı hansı fermer təsərrüfatına cəlb edəcəyi ilə bağlı düzgün planlama üçün yardım edir.

Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin hesabında olan torpaqların da hansı ərazidə yerləşməsi, sahəsi, sərhədləri barədə dəqiq məlumatlar müəyyən olunub. Eyni zamanda sakinlərin istifadəsində olan faktiki ərazi və qanuni sənədlərdə göstərilən sahə arasında olan mövcud fərqlər aradan qaldırılır.

Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Bütün xəbərlər