Gəmiçilik dənizçi peşəsində çalışmaq istəyənlərə xəbərdarlıq edib

11:55 - 28.08.2018


28 avqust, Fineko/abc.az. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dənizçi peşəsində çalışmaq istəyənlərə xəbərdarlıq edib.

Son zamanlar dənizçilik üzrə fəaliyyət göstərən müxtəlif tədris müəssisələrinin gələcəkdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə işlə təminat vədləri verməklə bəzi şəxsləri təhsil almağa sövq etməsi ilə bağlı məlumatlar daxil olur.

“Belə müəssisələr özlərinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin nəzdində olduqlarını, müəssisəni bitirənlərin birbaşa olaraq QSC-də işə qəbul ediləcəklərini bildirir və bu yolla dənizçi peşəsində işləmək arzusunda olan şəxsləri aldadırlar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC qeyd edir ki, dənizçilərin (sıravi heyət) işə qəbulu, əsasən yaranmış tələbat daxilində Gəmiçiliyin tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından QSC-nin “İnsan resurslarının idarəedilməsi Qaydaları”na uyğun olaraq müsabiqə yolu ilə aparılır. Əlavə tələbat və təcili zərurət yarandığı, o cümlədən Gəmiçiliyin tabeliyində olan təhsil müəssisələrini bitirmiş müvafiq kadr olmadığı halda, QSC kənar tədris müəssisələrinin məzunlarının müsabiqə yolu ilə işə qəbulu məsələsinə baxır. Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecindən başqa digər tədris müəssisələrinin Gəmiçiliyə aid olmadığını bütün maraqlı şəxslərin diqqətinə çatdırır və QSC-nin “İnsan resurslarının idarəedilməsi Qaydaları”ndan kənar işə qəbulla bağlı verilən vədlərə inanmamağa çağırırıq”, - deyə məlumatda bildirilir.

 

 

Bütün xəbərlər