DSK iddia edir ki, Azərbaycanda işsizlik səviyyəsi azalıb

15:17 - 18.10.2024


18 oktyabr, Fineko/abc.az. 2024-cü ilin sentyabr ayının sonuna Azərbaycanda işsizlik səviyyəsi 5.4 faizdən 5.3 faizə düşüb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işsiz əhalinin sayı sentyabrın əvvəlində 283.5 min, sentyabrın sonunda isə 283.2 min olub.

İşsizlik səviyyəsi 2024-cü ilin aprelindən bu tərəfə yuvarlaq olaraq 5.4 faizdə sabit qalmışdı. Banker.az DSK-dən məlumatları əldə edərək hesablayıb ki, keçən ilin yarısından cari ilin aprelinə qədər işsizlik səviyyəsi 5.5 faiz olub. Son illərdə ən yüksək işsizlik səviyyəsi 7.2 faiz olmaqla 2021-ci ilin yanvarında qeydə alınıb.

Bildirilir ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə görə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 304.9 min nəfər olub, onlardan 5 milyon 21,7 min nəfərini məşğul əhali təşkil edib.

Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 754.9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878.3 min nəfər, qeyri-dövlət sektorunda isə 876.6 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31.7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1723,2 min nəfər çalışıb.