Azad edilmiş ərazilərdəki layihələrə indiyədək 24 milyon manatadək güzəştli kredit ayrılıb

12:23 - 21.10.2024


21 oktyabr, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu (SİF) işğaldan azad edilmiş ərazilərdə indiyədək icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kreditin ayrılmasını təmin edib.

ABC.AZ xəbər verir ki, bunu SİF-in İdarə Heyətinin üzvü Emin Şirinov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş idarəsinin Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüşdə deyib.

Müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinə göstərilən xidmətlər, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri, o cümlədən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.

E.Şirinov SİF tərəfindən sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyi alətləri barədə məlumat verib. Onun sözlərinə görə, SİF üzləşdikləri çətinliklərin həlli istiqamətində sahibkarlara səlahiyyətləri çərçivəsində dəstək verməyə hazırdır.