"Azəriqaz" və "Azərişıq" ASC-yə ümid olan qazsız, işıqsız qalar

14:35 - 22.10.2024


Yadıma gəlir orta məktəb şagirdi idim, Bakıya da təzə gəlmişdik. Hələ keçid dövrü idi, bir çox sahələr iflasa uğramış, əksər yerlər işləmir, ölkədə daim qaz, işıq problemi vardı. Amma, illər keçdi, SSRİ dağıldıqdan sonra çökmüş bir çox sosial infrastruktur yenidən canlanmağa, inkişaf etməyə başladı. Bir zamanlar qaranlığa qərq olmuş küçələr aydınlanmağa, mənzillərdə əl lampası yox, elektrik lampası yanmağa başladı. Kəndlərdə evləri odun yox, mavi yanacaq isitdi. Sevindik, dedik nə yaxşı, biz də şükür bundan sonra gün görərik.

Amma, təəssüf sevincimiz uzun çəkmədi. İl olub 2024, amma hələ də cüzi təbiət hadisəsi, biraz normadan artıq yağış yağanda işıqlar kəsilir, saatlarla elektrik enerjisi olmur, evlərə qaz verilmir. Misal üçün oktyabrın 22-i səhər saat 09:45-dən əksər yerlərdə elektrik enerjisi, qaz kəsilib, məqaləni yazan vaxta qədər də (13:55) təmin edilməyib. Əslində, bir çoxlarınız deyə bilərsiniz ki, belə hallar normaldı, bütün dünyada baş verir. Amma, elə deyil, bunun sosial tərəfi olduğu kimi, iqtisadi tərəfləri də var. Gəlin kiçik bir hesablama aparaq. Məsələn, təsəvvür edin ki, heç çox demirəm, cəmisi 1 saat elektrik enerjisi olmadı, mavi qaz verilmədi. Bu, bilirsiniz nə qədər iqtisadiyyata mənfi təsir etmiş olur?. 1 saat ərzində çörək sexində iş dayanır, qaz olmadığı üçün çörək bişmir, evinə çörək almaq istəyən çörək ala bilmir, vətəndaş ac qalır, işçi həmin gün işləmir deyə pul qazana bilmir.  Bununla da bir saat içində 10-larla, bəlkə də, 100-lərlə insan həm çörəksiz, həm də pulsuz, dolayısı ilə dolanışıqsız qalır. Və bu hal bir məkanda yaşanmır, ölkədə 100-lərlə sex, restoran, ictimai iaşə yeri, müxtəlif təyinatlı obyektlər var. Onların birində yox, elektrik, qaz olmayanda əksəriyyətində iş dayanmış olur. Bu da təbii ki, dövlət büdcəsinə, iqtisadiyyata çox ciddi zərər vurmuş olur.  Bəs "Azərişıq" və "Azəriqaz" niyə öz səlahiyyətlərini, öhdəliklərini layiqincə yerinə yetirmirlər?. Axı bunun üçün hər iki quruma kifayət qədər şərait də yaradılıb, çox gözəl mühit də formalaşdırılıb?. Dövlət, hökumət bu qurumların xalqa, vətəndaşlara layiqli xidmət göstərməsi üçün başqa nə etməlidirki?. Bəlkə, bu qurumların dövlətdən, hökumətdən başqa gözləntiləri, istəkləri var?. Varsa, bildirsinlər ki, hökumət də nə lazımdırsa eləsin, əks halda bunlar bizi elektrik enerjisiz, qazsız qoyub qışda soyuqdan, acından qıracaqlar.

Əziz vətəndaşlar, nə qədər ki, gec deyil indidən qış hazırlıqlarınızı görün, adını çəkdiyim qurumlara etibar yoxdur. "Azəriqaz" və "Azərişıq" ASC-yə ümid olan qazsız və işıqsız qalar.

Müəllif: Elmir Murad