“Azercell”in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirib Foto

20:36 - 28.10.2024


“Azercell” “Kitab Klubu” layihəsi çərçivəsində Azərbaycanın ədəbi irsinin təşviqinə töhfə verməyə davam edir. Şirkət növbəti “Kitab Klubu”nda oxucularla məşhur simaları bir araya gətirib. Ədəbiyyat axşamının qonaqları yazıçı Ceyhun Hidayətli, qiraətçi Xəzər Süleymanlı və ssenarist Azər Aydəmir olublar.

“Azercell”in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirakçılara layihə haqqında məlumat verib: “Klubumuz cəmiyyətdə, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafına xidmət edir. “Azercell” illərdir ki, mədəni irsimizin qorunub saxlanmasına yönəlik çoxsaylı təşəbbüslər həyata keçirir. 2017-ci ildən etibarən “Azercell” “Audiokitab” layihəsi çərçivəsində doğma dilimizdə rəqəmsal məzmunun zənginləşdirilməsinə töhfə verməklə yanaşı, ədəbi irsimizin dünyanın müxtəlif dillərində də yayımlanmasına və tanınmasına dəstək olur”.

Yüksək əhvali-ruhiyyə ilə keçən görüşdə Xəzər Süleymanlı tədbir iştirakçılarını Vaqif Səmədoğlunun yaradıcılığı ilə tanış edib, onun sevilən şeirlərini səsləndirib. Daha sonra qonaqlar müasir Azərbaycan ədəbiyyatı, son zamanlar geniş auditoriyanın diqqətini çəkmiş “Əqrəb” romanı və əsər əsasında ərsəyə gələn “Əqrəb mövsümü” serialı haqqında danışıblar.

Tədbirdə tanınmış simalarla yanaşı, “Azercell”in “Kitab Klubu”nun üzvləri də iştirak edərək Cəfər Cabbarlının “Bookmate” və “Litres” platformalarında yerləşdirilmiş “Sevil” və “Almaz” pyeslərindən parçalar səsləndiriblər.