Qiyməti baha, keyfiyyəti olmayan internetimiz

16:26 - 29.10.2024


Elə bir dövrdə yaşayırıq ki, internet olmasa əksər sahələr çökər, iş əmsalı zəifləyər, iqtisadiyyata ciddi zərər dəyər. Bunu hazırda Azərbaycanda balaca uşaqlar da anlayır, böyüklər də, amma deyəsən "Aztelekom"dan başqa. Deyəsən, yox, elə 100 faiz anlamırlar. Əks halda hər gün 100-lərlə şikayət olmaz, insanlar internetin həm sürətindən, həm də baha olmasından narazılıq etməzdilər.

Bu yaxınlarda, daha dəqiq desək, avqustun 15-dən etibarən "Aztelekom" həm internetin sürətində, həm də qiymətində dəyişiklik etdiyini açıqladı. Amma, abonentlər sözügedən dəyişikliyi tək internetin qiymətində hiss etdilər. Qeyd edilən tarixdən etibarən abunəçilər 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN ödəməyə başladılar. Ortada nə sürət, nə də keyfiyyət nəzərə çarpmadı. Əksinə, hətta bəzi yerlərdə internetin keyfiyyəti əvvəlkindən də aşağı düşdü. Məsələn, sentyabrda Astara rayonunda idim, internetə daxil olmaq müşkül idi. 10 dəqiqə internet olurdusa, 5 dəqiqə olmurdu, ya da olmasa ondan yaxşı idi. Halbuki əvvəllər 10 manat ödənilən interneti hazırda "Aztelekom" 30 azn-ə təklif edir. Sorry, çaşdım, təklif etmir, abonentlərə məcburi ödətdirir. Necə? Bunu da izah edim. Deməli, rayonda iki xətt mövcuddur, köhnə və yeni çəkilmiş. Köhnə xəttlə olan internet 10 manat idi, yeni çəkilmişə isə 30 azn qiymət tətbiq ediblər. Yeni xətt çəkiləndən sonra köhnə bir müddət işlədi, sonra bilərəkdən internetin sürətini elə azaltdılar ki, insanlar məcburi təzə xəttdən istifadəyə möhtac qalsınlar. Bu isə birbaşa abonentin hüquqlarının pozulmasıdır. Astaranı misal olaraq çəksəm də, Azərbaycanın başqa rayon və şəhərlərində də mövcud vəziyyət ordan geri qalmır. Bakının özündə də internetin keyfiyəti elə də ürəkaçan deyil. Demək olar ki, "Aztelekom"-dan hər gün 100-lərlə şikayət eşidirəm. Adıçəkilən qurumdan isə problemin həlli istiqamətində hər hansı ciddi addım görə bilmirəm ki, bilmirəm. Artıq ümid etməkdən də keçib, ümid etmə limitini keçmişik. Ona görə də əminəm ki, bu problem də həll ediləsi deyil. Necə deyərlər bu ölkədə ded-qodunun yayılma sürəti internetin sürətindən yüksəkdir.

Müəllif: Elmir Murad