Kartdan karta əməliyyatı ilə bağlı 54 obyektdə pozuntular aşkarlanıb

14:40 - 30.10.2024


30 oktyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə (“Card to card”) əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə növbəti dəfə nəzarət tədbirləri keçirib.

ABC.AZ xəbər verir ki, son bir neçə gündə Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilmiş nəzarət tədbirləri zamanı onlardan 54-də qanunpozuntularına yol verilməsi faktları aşkarlanıb.

“Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanun pozuntuları protokollaşdırılır və belə obyektlərə qarşı maliyyə sanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər”, – deyə Dövlət Vergi Xidməti bəyan edib.