ATMU-da Zəfər Günü ilə bağlı tədbir keçirildi - Foto

14:47 - 7.11.2024


Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Böyük qələbənin 4 illliyinə həsr olunmuş “8 Noyabr - Zəfər Tariximizin İnciləri” adlı tədbir keçirilib.

Universitetdən ABC.AZ-a bildirilib ki, Milli Məclisinin deputatları Ceyhun Məmmədov və Vüqar İskəndərov, rektor İlham Mədətov, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, universitetin şəhid məzunu Məhəmmədəli Həsənzadənin atası Hörmət Həsənzadənin, həmçinin ATMU-nun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

ATMU-nun rektoru İlham Mədətov təbrik-çıxışı ilə başlayan nitqində vurğuladı ki, 44 günlük müharibə və düşmən üzərində tarixi qələbə dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu. Rektor gələn qonaqlara minnətdarlığını bildirərək, 8 noyabr “Zəfər günü” münasibətilə hər kəsi təbrik etdi və şəhidlərimizin ruhu qarşısında baş əydiyini, onlara uca tanrıdan rəhmət, ailələrinə isə səbr dilədiyini bildirdi.

Millət Vəkili Ceyhun Məmmədov və Vüqar İskəndərov çıxış edərək noyabr ayının 8-ni qürur günümüz kimi tarixə yazan  qəhrəman övladlarımıza əbədi  təşəkkür borcumuzun olduğunu dedilər. 

Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və ATMU-nun İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı Qarabağ müharibələrinin tarixi və Zəfər Gününə aparan proseslər haqqında geniş məlumat verdilər.

Tədbirdə qeyd olundu ki, 44 günlük Vətən müharibəsində iştirak edən ATMU-nun 100-dən çox tələbə və məzunundan 60 nəfərə yaxını Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif olunub. Şəhidlik zirvəsinə ucalan ATMU-nun məzunu Məhəmmədəli Həsənzadə ölümündən sonra bir sıra medallara layiq görülüb. 

Tədbirdə həmçinin şəhidimiz haqqında və Zəfər tariximizi əks etdirən video-çarxlar nümayiş olundu.

Daha sonra qonaqlar tələbələrin suallarını cavablandıraraq, işğaldan azad olunmuş torpaqlarda turizmin inkişaf imkanları, perspektivləri və bu istiqamətdə görülən işlər barədə məlumat verdilər.

Sonda xatirə şəkilləri çəkildi.