Bank sektorunun "yaşıl keçid" layihələrinə keçidi üçün hansı addımları atılır?

14:55 - 7.11.2024


7 noyabr, Fineko/abc.az. Azərbaycanın bank sektoru 2030-cu ilə qədər "yaşıl keçid" layihələrini dəstəkləmək üçün əhəmiyyətli maliyyə resursları ayırmağa hazırdır.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, bu vəd bank sektorunun iqlim fəaliyyətinə, o cümlədən bərpa olunan enerji, dayanıqlı infrastruktur və digər "yaşıl təşəbbüsləri" maliyyələşdirmək öhdəliyini nümayiş etdirəcək.

“Digər mühüm məsələ, Azərbaycanın Milli Yaşıl Taksonomiyasının yekunlaşdırılmasıdır: Bunun üçün Mərkəzi Bank dövlət və özəl qurumları ilə fəal əməkdaşlıq edərək, ekspert qrupu yaradıb. Dünya Bankının ekspertlərinin texniki dəstəyi ilə artıq Yaşıl Taksonomiya hazırlanıb. Bu yaxınlarda dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq inkişaf tərəfdaşları, Mikro Kiçik və Orta Müəssisələrin (MSME) nümayəndələri, potensial istiqraz emitentləri və digər əsas maraqlı tərəflərlə taksonomiya ilə bağlı ictimai məsləhətləşməni yekunlaşdırdıq. Növbəti addım isə taksonomiyanı təsdiq üçün hökumətə təqdim etməkdir. Təsdiq prosedurlarının tezliklə yekunlaşacağını gözləyirik.

Nəhayət, bu mövzunun COP-da ilk dəfə müzakirə ediləcəyini nəzərə alaraq qlobal tərəfdaşlarımızla birlikdə qlobal Taksonomiyaya Uyğunlaşma Təşəbbüsünü elan etməyi planlaşdırırıq", - T. Kazımov bildirib.