Azərbaycanda pensiya kapitalından istifadə mümkün olacaq?

11:31 - 28.11.2024


28 noyabr, Fineko/abc.az. Milli Məclisin komitə və plenar iclaslarında mütəmadi olaraq, pensiya sistemi daxil olmaqla, sosial sfera ilə bağlı təkliflərimizi təqdim edirik. O təkliflərin bir qismi artıq qanunvericilikdə, beynəlxalq qaydalarda öz əksini tapıb, o cümlədən, işsizlikdən sığorta ilə bağlı qaydaların dəyişdirilməsi və ünvanlı sosial yardım kimi aktiv proqramlarla bağlı bizim əvvəlki dövrlərdə təqdim etdiyimiz təkliflərin bir qismi artıq qanunvericilikdə yer alıb.

ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. 

O qeyd edib ki, pensiya kapitalı ilə bağlı təkliflər beynəlxalq praktikaya əsaslanır.

“Bununla bağlı biz Sinqapur da daxil olmaqla, bir neçə ölkənin modelini öyrənmişik və həmin modellər əsasında məhz bu təklifəri təqdim etmişik. Təbii ki, daha çox həm qonşu ölkələr, həm də qeyd etdiyim Singapur və ABŞ modelinə baxılıb, Azərbaycan üçün uyğun hesab etdiyimiz məsələlərin təklif formasını təqdim etmişik.

Amma istər pensiya, istərsə də digər sosial istiqamətlərdə təkliflərimizin təqdimatı davam edəcək. Düşünürük ki, pensiya kapitalı ilə bağlı bu gün beynəlxalq praktikada tətbiq edilən üstünlüklərin və ya təcrübələrin Azərbaycanda tətbiq olunması məqsədəuyğun olardı, o cümlədən, pensiya kapitalından istifadə ilə bağlı yeni mexanizmin hazırlanması və tətbiqini məqsədəuyğun hesab edirik”, – deyə o bildirib. (Trend)