Bir ildə milyarderlər bu qədər çoxalıb

17:00 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. Son bir ildə dünyada milyarderlərin sayı 2544-dən 2682-yə yüksəlib, onların ümumi sərvəti isə 17% artaraq 14 trilyon dollara çatıb, bu barədə UBS bankının tərtib etdiyi “Billionaire Ambitions” hesabatında deyilir.

ABC.AZ xəbər verir ki, on il ərzində dünyada milyarderlərin sayı 50%-dən çox, onların ümumi sərvətləri isə 121% artıb. 2015-ci ildə dünyada 1757 milyarder var idi və onlar birlikdə 6.3 trilyon dollara sahib idilər.

Bu illər ərzində qadın milyarderlərin sayı da artıb – 190-dan 344-ə qədər (81%). Onların ümumi sərvəti 153% artaraq 1.7 trilyon dollara çatıb.

Son on ildə ən çox Şimali Amerika milyarderləri varlanıb. 2015-2020-ci illər arasında Şimali Amerika zənginlərinin ümumi sərvəti 52.7% artaraq 3.8 trilyon dollara, 2020-ci ildən 2024-cü ilə qədər isə 58.5% artaraq 6.1 trilyon dollara yüksəlib. Beləliklə, dünyanın bütün milyarderlərinin ümumi sərvətinin 40%-dən çoxu onların payına düşür.