"İrşad Electronics” MMC satdığı malı geri qaytarmadı - Cərimələndi

10:38 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. "İrşad Electronics” MMC satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozduğuna görə cərimələnib.

ABC.AZ-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun, temperatur rejiminin, yaxud satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə edilir. İqtisadiyyat.az