Bütün göstəricilər üzrə geriləmədə olan BOKT - Hesabat

10:52 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. Azərbaycanın bank olmayan kredit təşkilatlarından bəziləri sektorda getdikcə güclənən rəqabətə davam gətirmirlər.

ABC.AZ xəbər verir ki, «Optimal Finance» BOKT-nun 2022 və 2023-cü illər üzrə maliyyə göstəriciləri arasında ciddi fərqlər müşahidə olunub. Şirkətin kredit portfeli, aktivlərinin həcmi və mənfəət göstəriciləri kəskin azalıb. “Optimal Finance” BOKT-nun kredit portfeli 2022-ci ildə 2 milyon 266 min manat təşkil edirdi. Lakin 2023-cü ildə bu göstərici 814 min manata enib. Bu, 1 452 min manat və ya 2,8 dəfə azalma deməkdir.

Kredit portfeklindəki azalma özünü şirkətin aktivlərinin azalmasında da göstərib. 2023-cü ildə “Optimal Finance” BOKT 30% kiçilib. Belə ki, şirkətin aktivləri 2022-ci ildə 3 milyon 551 min manat olduğu halda, 2023-cü ildə bu göstərici 2 milyon 436 min manata düşüb. Başqa sözlə, şirkət 1 milyon 115 min manat və ya təxminən 31,4% kiçilib.

Kredit portfelindəki azalma özünü dərhal şirkətin gəlirləri və mənfəətində də büruzə verib. “Optimal Finance” BOKT 2022-ci ildə 424 min manat mənfəət əldə etmişdi. 2023-cü ildə isə mənfi zonaya keçərək 472 min manat zərər göstərib.

Kredit portfelində 3 dəfəyə yaxın, aktivlərdə 31,4% azalma, mənfəətdən zərərə keçid “Optimal Finance” BOKT-un maliyyə dayanıqlılığına mənfi təsir edir.