IATA: qlobal aviasiya sənayesinin xalis mənfəəti 2025-ci ildə 16% artacaq

16:21 - 10.12.2024


10 dekabr, Fineko/abc.az. 2025-ci ildə dünya aviasiya sənayesinin ümumi xalis mənfəəti 36,6 milyard dollar təşkil edəcək ki, bu da 2024-cü ilin nəticələrinə görə gözlənilən mənfəətdən 16% yüksəkdir.

ABC.AZ xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) proqnozlaşdırır.

IATA-nın hesablamalarına görə, xalis gəlirlilik, 2024-cü ildə gözlənilən 3,3%-ə qarşı yeni ildə 3,6% olacaq. Bir sərnişinə düşən orta mənfəət 7 dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da 2023-cü ildəki 7,9 dollar maksimumdan aşağıdır, lakin 2024-cü ildəki 6,4 dollardan yüksəkdir.

Qlobal sənaye üçün investisiya kapitalının (ROIC) gəlirliliyi 6,8% ola bilər. 2024-cü ildə 6,6% cüzi nisbət gözlənilsə də, sənayenin gəliri kapitalın ortaçəkili dəyərindən aşağı olaraq qalır. IATA qeyd edir ki, ən yüksək ROIC Avropa, Yaxın Şərq və Latın Amerikası aviaşirkətlərindədir.

Sənayenin ümumi gəliri 1,007 trilyon dollar proqnozlaşdırılır — bu, 2024-cü ilə nisbətən 4,4% çoxdur və bu göstərici ilk dəfə 1 trilyon dolları aşa bilər. Xərclərin 4% artaraq 940 milyard dollara çatacağı gözlənilir.

IATA-nın proqnozuna görə, daşınan sərnişinlərin sayı rekord həddə — 5,2 milyarda çatacaq ki, bu da 2024-cü illə müqayisədə 6,7% çoxdur. Yük daşımalarının həcmi 72,5 milyon ton ola bilər ki, bu da ildən-ilə 5,8% artım deməkdir.

IATA 340 aviaşirkəti birləşdirir ki, bunlar da bütün qlobal hava daşımalarının 80%-dən çoxunu yerinə yetirir.