H.Hacıyev: Fransa Ermənistanın silahlanması ilə bağlı proqramda iştirak edir

13:45 - 12.12.2024


12 dekabr, Fineko/abc.az. Ermənistanda hərbiləşdirmə proqramı həyata keçirilir. Bunun arxasında duran əsas qüvvələrdən biri Avropa İttifaqının və NATO-nun üzvü olan Fransadır. 

ABC.AZ xəbər verir ki, Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: "Təəssüf ki, Fransa beynəlxalq öhdəliklərinə baxmayaraq, Ermənistanın silahlanması ilə bağlı proqramda iştirak edir".

O bildirib ki, beynəlxalq münasibətlərin kodlaşdırılması prosesi İkinci Dünya müharibəsindən sonra başlayıb. Bu prosesdən sonra işğal və təcavüz etmiş bir neçə ölkə qaldı. Ermənistan da belə cinayət törətmiş ölkədir. Bununla əlaqədar Ermənistanın silahlanması məsuliyyətli parametrlər çərçivəsində həyata keçirilməlidir. Ermənistana, xüsusən də Fransa tərəfindən verilən ölümcül və hücum silahlanmalar ciddi narahatlıq doğurur. Ermənistanın silahlanması təkcə Fransa tərəfindən deyil, digər dövlətlər tərəfindən də həyata keçirilir.