Suriyada Türk lirəsindən istifadə olunmağa başlayıb

10:35 - 13.12.2024


13 dekabr, Fineko/abc.az. Bəşər Əl Əsəd rejimindən sonra Suriyada yalnız siyasi deyil, iqtisadi böhran da yaşanır. Əsədin Suriyasında illərlə qadağan edilən dollar və Türk lirəsi, Suriya lirəsinin böyük dəyər itirməsindən sonra yenidən istifadəyə başlanılıb. Banklar və valyuta məntəqələrində ciddi çətinliklər yaşanıb.

ABC.AZ xəbər verir ki, Türkiyənin “Sözcü” qəzetinə danışan bir Suriya vətəndaşı Əsəd rejimini belə izah edib:

“Əsəd dövründə yalnız Suriya pulu istifadə olunurdu. Digər valyutalar heç bir şəkildə keçərli deyildi. Suriya pulunu yalnız mərkəzi bankdan ala bilirdik. Pulun idarəsi dövlətin nəzarətində idi. İndi hər şey dəyişib”.

2024-cü il iyunun 20-də Əsəd, Suriya lirəsindən başqa bütün valyutaları qadağan edən qanun qəbul etmişdi.

Bu qanuna əsasən, Suriya vətəndaşları hər hansı bir məhsul və ya xidməti almaq üçün yalnız Suriya lirəsindən istifadə etməyə məcbur olurdu.

Əhəmiyyətli dərəcədə devalvasiyaya etmiş valyuta ilə alış-veriş etmək alıcılıq qabiliyyətini böyük ölçüdə məhdudlaşdırıb.

Bu qanuna əməl etməyən şəxslər həbs cəzası ilə üzləşirdi.