Litvada Azərbaycan Xalq Cümhuriyyəti ilə münasibətlərin 100 illiyi qeyd olunub

12:20 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Vilnüsdə T.Vrublevski adına Elmi kitabxana və Litva Azərbaycanlıları Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Litva – Cənubi Qafqaz dövlətlərarası münasibətləri - 1918-1922-ci illər” mövzusunda sənədli sərgi təşkil edilib. Dövlətlərarası münasibətlərin 100 illiyinə həsr olunmuş tarixi-sənədli sərginin əsas təşəbbüskarı Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevdir. Litva Elmlər Akademiyasının T.Vrublevski adına Elmi kitabxanasının Nadir nəşrlər və Əlyazmalar şöbəsinin oxu zalında təşkil olunan sərgidə Elmi kitabxananın fondlarından və Litva Azərbaycanlıları Cəmiyyətinin arxivindən əldə edilən sənədlər, foto şəkillər, müxtəlif tarixi eksponatlar nümayiş olunub. Cəmiyyət, həmçinin sərgiyə aid sənədli icmalın, müxtəlif açıqlama və izahların, diplomatik yazışmalara dair tarixi arayışların ortaq müəllifi olaraq çıxış edir. 

Ekspozisiyanın açılışında iştirak edən Azərbaycan Respublikasının Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev ölkənin akademik dairələrinin nümayəndələrini, QHT təmsilçilərini bu əlamətdar tədbir münasibətilə təbrik edib, sərginin ərsəyə gəlməsində əməyi olan bütün təşkilatlara, ayrı-ayrı şəxslərə minnətdarlığını bildirib. O, daha sonra nəfis tərtibli “Azərbaycan xalçaları” ensiklopedik nəşrini elmi kitabxanaya hədiyyə edib. 
Sərgi iştirakçılarına Litva-Azərbaycan diplomatik münasibətlərinin tarixinə dair ətraflı məlumatlar verilib.