İxracdan əldə olunan daha 139 mln. manat pul vəsaiti ölkəyə qaytarılıb

14:13 - 27.12.2024


27 dekabr, Fineko/abc.az. Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan daha 139 milyon manat pul vəsaitlərinin ölkəyə qaytarılması təmin edilib.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı vaxtadək Bakı şəhərinin Nəsimi, Səbail və Sabunçu rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 63 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 107 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Bundan başqa, Göyçay, Şamaxı, Quba, Cəlilabad, Qax və Salyan rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 18,63 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31,6 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.