Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir

13:30 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Son dövrdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisas­larının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə aparılan islahatların davamı olaraq, nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsi (www.ani.edu.gov.az) yenilənib. Həmçinin müraciət qaydaları ilə bağlı bütün zəruri məlumatlar səhifədə əksini tapıb, “Mütəmadi verilən suallar” bölməsi yaradılıb və nostrifikasiya prosedurlarına dair vətəndaşları maraqlandıran bir çox suallar cavabları ilə birlikdə əlavə olunub.

Vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Eyni zamanda Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Onu da bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd nostrifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı xüsusi üstünlüyə malik olmur.

Vətəndaşlardan bu cür hallarla qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) və ya [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.