Qarabağda tamet daşlar və səki bordürləri istehsal olunacaq

15:20 - 6.01.2025


6 yanvar, Fineko/abc.az. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında rezidentlik statusu alan sahibkarlıq subyektlərindən biri də “Karabakh stone” MMC-dir. Hazırda sənaye parkında MMC üçün ayrılan sahədə tikinti işləri sürətlə davam etdirilir və oktyabr ayında zavodun fəaliyyətə başlaması nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, MMC 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. İş icraçısı Elgiz Əhmədov bildirib ki, zavod sənaye parkının 3,5 hektar ərazisini əhatə edir. "Burada yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 10 milyon 500 min manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Zavod ilkin mərhələdə 1 milyon 250 min kvadratmetr istehsal gücündə olacaq, ikinci mərhələdə, yəni 2026-cı ildə istehsal həcmi 2 milyon 500 min kvadratmetrə çatdırılacaq. İstehsal zamanı Türkiyə texnologiyası tətbiq olunacaq. Zavodun fəaliyyətə başlaması 2025-ci ilin oktyabr ayına planlaşdırılır. Hazırda zavodun tikintisində işlərin 45 faizi yerinə yetirilib. Zavodun fəaliyyəti, ilk növbədə, Şərqi Zəngəzur və Qarabağ ərazisində abadlıq işlərinə mühüm töhfə verəcək", - deyə iş icraçısı vurğulayıb. (Azərtac)