Yaponiya xarici işlər nazirinin xanımı Uşaq Bərpa Mərkəzində olub/Foto

11:34 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. Yaponiya xarici işlər naziri Taro Kononun ölkəmizə səfəri çərçivəsində xanımı Kaori Kono Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış tibbi-sosial reabilitasiya şəraiti ilə tanış olub.

Qonağa bildirilib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiyası aparılan sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin tapşırığı əsasında son illərdə bu sahədə infrastrukturun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində də ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Müəssisədə aparılan işlərin davamı kimi, cari ilin 8 ayında burada 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilib.

Xanım Kaori Kono Uşaq Bərpa Mərkəzində yaradılan reabilitasiya şəraiti, informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələrinin fəaliyyəti ilə tanış olub. O, sağlamlıq imkanları məhdud uşaqların bərpası üçün fərdi reabilitasiya proqramlarına uyğun şəkildə tətbiq edilən fizioterapevtik prosedurlarını, tədris metodikaları əsasında tədris-peşə reabilitasiyası yönündə aparılan işləri nəzərdən keçirib.

Reabilitasiya kursu keçən uşaqlarla görüşən K.Kono Mərkəzdəki reabilitasiya şəraiti, burada aparılan işlərlə bağlı müsbət təəssüratlarını bölüşüb. O, gələcəkdə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində ölkəsi ilə təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu deyib.