Dünya aviasiya sənayesinin böyümə planları geosiyasi vəziyyətə görə dəyişəcək

15:09 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. 2024-cü ildə dünyada hava nəqliyyatında aktivlik artmağa davam edib, baxmayaraq ki, mənfəət 2023-cü ildə qeydə alınan göstəricilərlə müqayisədə bir qədər azalıb.

ABC.AZ xəbər verir ki, bu, dünya reytinq agentliyi Morningstar DBRS-in Global Airlines 2025 Outlook hesabatından irəli gəlir.

Xüsusilə Şimali Amerika və Avropada gəlirliliyə əməliyyat xərclərinin artması, sərnişin daşımalarının azalması və tədarük zənciri problemləri təsir edib. 2025-ci ildə yanacaq qiymətlərinin azalması, qeyri-yanacaq xərclərin, o cümlədən işçi qüvvəsinə olan xərclərin artımının normallaşması və səyahət tələbinin müsbət dinamikası fonunda marjanın “cüzi yaxşılaşması” gözlənilir.

Hesabat müəllifləri hesab edirlər ki, təyyarə tədarükündə gecikmələr davam edəcək. Bundan əlavə, geosiyasi vəziyyət, mövcud münaqişələrin eskalasiyası və ya digər bölgələrdə yeni kəskinləşmələrin qlobal hava daşımalarına xeyli təsir göstərə biləcəyi sektor üçün ciddi bir qeyri-müəyyənlik kəsb edir.