Ötən ili 293,7 milyon manat xalis mənfəətlə başa vuran Bank - Hesabat

12:03 - 16.01.2025


16 yanvar, Fineko/abc.az. “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, bank ötən ili 293,7 milyon manat xalis mənfəətlə bitirib.

Bu isə 2023-cü ilə nisbətən 9% və ya 28,5 mln. manat azdır.

Bank 2023-cü ili 322,3 mln. manat xalis mənfəətlə bitirib.

Hesabat dövründə bankın faiz gəlirləri 17,2% artaraq 914,2 milyon manat, faiz xərcləri isə 85% artaraq 249,5 milyon manat təşkil edib.

Bu dövrdə bankın qeyri-faiz gəlirləri 340,2 milyon manata (illik müqayisədə 40,6% çox), qeyri-faiz xərcləri isə 521,1 milyon manata (illik müqayisədə 31,7% çox) bərabər olub.

Beləliklə, bank bu dövrdə 497,04 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 1% azdır.

Qeyri-faiz xəcrlərinin kəskin artması fonunda əməliyyat mənfəətinin cüzi azalması məqbul hesab oluna bilər.