Azərbaycanın “Franklin Templeton” ilə əməkdaşlıq imkanları araşdırılır

17:26 - 16.01.2025


16 yanvar, Fineko/abc.az. Azərbaycan dünyanın aparıcı aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “Franklin Templeton” ilə əməkdaşlıq və investisiya xidmətləri sahəsində müxtəlif imkanları aktiv şəkildə araşdırır.

ABC.AZ xəbər verir ki, hazırda “Franklin Templeton” ilə sıx əlaqələr qurulub və mütəmadi danışıqlar aparılır.

Əməkdaşlıq perspektivləri və yeni imkanlar Səudiyyə Ərəbistanında keçirilən görüş zamanı şirkətin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə müzakirə edilib.

Bundan əlavə, C. Consonun rəhbərlik etdiyi nümayəndə heyəti ötən ilin 12-15 noyabr tarixlərində Bakıda keçirilən COP29 tədbirlərində iştirak məqsədilə ölkəyə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyi ilə bir sıra görüşlər keçirib və əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Cenni Consonu qəbul edib. Görüşdə “Franklin Templeton” şirkətinin ARDNF ilə qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq qurmaq üçün ilkin addımların atıldığı və strateji əməkdaşlığın dərinləşdirilməsi imkanlarının araşdırıldığı vurğulanıb.