Çində əhalinin sayı azalıb?

10:40 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. Çində 2024-cü ildə əhalinin sayı əvvəlki illə müqayisədə 1,39 milyon nəfər azalaraq 1 milyard 408 milyon nəfərə düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb.

Ötən il Çində 9,54 milyon doğum və 10,93 milyon ölüm qeydə alınıb. Doğum və ölüm nisbətləri müvafiq olaraq mində 6,77 və 7,76 olub.

Büro ötən ilin sonuna ölkədə 719,09 milyon kişi (azalma 0,1%), 689,19 qadın olduğunu açıqlayıb. Ölkədə məşğulluq yaşındakı əhalinin (16-60 yaş arası) sayı 857,98 milyon nəfər təşkil edib ki, bu da ümumi əhali sayının 60,9 faizi deməkdir.

Qeyd edək ki, uzun illər dünyanın ən çox əhalisi olan ölkə ünvanını daşıyan Çində 2022-ci ildən əhali sayında azalma başlayıb. Üç il əvvəl Çin əhalisinin sayı son 60 ildə ilk dəfə olaraq 850 min nəfər azalıb. 2023-cü ildə bu rəqəm 2,08 milyon nəfər təşkil edib.