Ötən il 5 aqroturizm təsərrüfatına dəstək göstərilib

16:45 - 21.01.2025


21 yanvar, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 203 fermerə təlim keçirilib, 5 aqroturizm təsərrüfatına dəstək göstərilib.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, aqroturizmi inkişaf etdirməyə, təsərrüfat sahibləri üçün əlavə gəlir imkanları yaratmağa xidmət edən layihə çərçivəsində Masallı, Kürdəmir, Lerik, Lənkəran, Quba, Şəmkir və Qusar rayonlarında ümumilikdə 12 təsərrüfat qiymətləndirilib.

İsmayıllıda və Masallıda 2 təsərrüfatda abadlaşdırma yekunlaşdırılıb, Şabran, Quba və Astarada 3 təsərrüfata dəstək göstərilib.

Dəstək göstərilən təsərrüfatlar üzrə turistlər üçün 8 aqrotur yaradılıb, aqroturların satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə 19 turizm şirkətinin nümayəndələri üçün infotur təşkil edilib, 91 şirkətin nümayəndələri üçün isə təqdimat keçirilib.

İl ərzində təsərrüfat sahiblərinin “Şəhərdən Kəndə” layihəsi barədə məlumatlılığını artırmaq məqsədilə Lerik, Biləsuvar, Gədəbəy, Tovuz, Daşkəsən rayonlarında 107 fermerə təqdimat keçirilib. Bundan əlavə daha 203 təsərrüfat sahibi aqroturizmin əsasları, qida məhsullarının etiketlənməsi və markalanması ilə təlimlərə cəlb olunublar.