Azərbaycanda ötən il qızıl istehsalı 3.5 faiz azalıb

10:17 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. Azərbaycanda qiymətli metal istehsalının həcmi ötən ildən qismən bərpa olunsa da, illik hasilat göstəriciləri əvvəlki nəticəyə nail olmadığı müşahidə edilməkdədir.

ABC.AZ xəbər verir ki, keçən il Azərbaycanda 2 663 kiloqrama yaxın qızıl və 3185 kiloqrama yaxın gümüş istehsal edilib.

Dövlət Statistika Komitəsinin yenilənmiş məlumatları ilə müqayisə edildikdə, qızıl istehsalının illik müqayisədə hələ də 3.5 faiz, gümüşün isə 14 faiz azaldığı müşahidə edilir.

İstehsalın son iki ildə düşməsinə səbəb 2023-cü ildə Gədəbəydə ekoloji məsələlərə görə rayonda qızıl və gümüş istehsalı ilə məşğul olan şirkətin fəaliyyətini dayandırmasıdır. Böyük Britaniyanın Azərbaycandakı şirkəti “Anglo Asian Mining plc” ötən ilin son iki rübündən istehsala başladığını bildirmişdi.

Azərbaycan keçən ilin ilk 10 ayında xaricə 3 464 kq həcmində qızılı $163.4 mln.-a İsveçrəyə satmışdı. Qızıl ötən il dünya mərkəzi banklarının faizləri yumşaltması və geosiyasi risklər səbəbindən bir unsiyası 2000 dollardan 2700 dollara qədər bahalaşma yaşadı.